Devonte Qrin: “Bu uğur komanda işinin nəticəsidir” - MÜSAHİBƏ

Müsahibə
5 Noyabr 2025 17:12
33
Devonte Qrin: “Bu uğur komanda işinin nəticəsidir” - MÜSAHİBƏ

FIBA Avropa Kubokunda oktyabr ayının ən yaxşı basketbolçusu seçilən “Neftçi”nin oyunçusu Devonte Qrin AZƏRTAC-a müsahibə verib. O, fərdi uğuru, komandanın hazırkı durumu və qarşıdakı hədəflər barədə danışıb.

- Ay ərzində hər qarşılaşmada orta hesabla 21 xal, 7,7 ribaund və 3 məhsuldar ötürmə ilə ayın oyunçusu seçilmisiniz. Bu barədə təəssüratlarınız necədir?

- Bu, mənim üçün böyük nailiyyətdir. Belə ada layiq görüldüyüm üçün qürur duyuram.

- Bu mükafatı qazanmağınızda hansı amillər həlledici oldu? Komanda oyunu, şəxsi motivasiya, yoxsa məşqçi etimadı?

- Düşünürəm ki, bunların hamısı fərqlənməyimdə mühüm rol oynadı. Təbii ki, bu uğur komanda işinin nəticəsidir. Baş məşqçimiz Vitali Stepanovski mənim bacarığıma inanır və meydanda doğru qərarlar verəcəyimə güvənir. Komanda yoldaşlarım da mənə inandıqları üçün əlavə motivasiya verirlər. Şəxsi olaraq isə məni istənilən qarşılaşmada qələbə ruhu motivasiya edir. Komandamızın qalib gəlməsi üçün əlimdən gələni etməyə çalışıram.

- Birinci qrupda hələ ki, 3 matç keçirmisiniz. Birində məğlub olduğunuz halda, digər ikisində qələbə qazanmısınız. Ay ərzində bu görüşlər arasında hansı sizin üçün ən yadda qalan oldu?

- Polşanın “Kalev” kollektivinə 95:84 hesabı ilə qalib gəldiyimiz matç mənim üçün unudulmaz olaraq qalacaq. Çox maraqlı və gərgin görüş idi. Çünki geridönüş etmək üçün çox mübarizə apardıq, oyunu əlavə vaxta daşıdıq və sonda qələbə qazandıq. İlk oyunda böyük fərqlə məğlub olduğumuzu nəzərə alsaq, bu, həm mənim, həm də komandamızın iradəsini və xarakterini göstərən qələbə oldu.

- Komandanız hazırda 5 xalla ikinci pillədə qərarlaşıb. Bu mövsüm “Neftçi”nin Avropa Kubokundakı çıxışını necə qiymətləndirirsiniz?

- Polşada “Trefl” klubuna 63:92 hesabı ilə uduzduğumuz ilk matçda daha yaxşı performans nümayiş etdirə bilərdik. Həmin oyun bizim üçün xəbərdarlıq və yaxşı dərs oldu. Avropa Kubokunda qalib gəlməyin nə qədər çətin olduğunu anladıq. Amma növbəti iki görüşə bu düşüncə ilə çıxdıq və indi daha yaxşı oynayırıq.

- “Neftçi”nin qarşıdakı oyunlar üçün əsas hədəfi nədir?

- Bu axşam Bakıda “Trefl”lə keçirəcəyimiz IV tur qarşılaşması bizim üçün çox önəmlidir. Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bilirik ki, həmin məqsədə çatmaq üçün hər oyunu yaxşı nəticə göstərməliyik.

İdman.Biz