Bu vaxta qədər deyirdilər ki, “Qəbələ”nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır.
Bu sözləri Misli Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olmuş “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
“Qarabağ” kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq futbolçular taktiki baxımdan çox düzgün oynadılar. Mübariz oyun göstərdilər”, - baş məşqçi bildirib.
Tsxadadze oyunun lap başlanğıcında qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuş Prins Ovusuya irad bildirməyəcəyini vurğulayıb: “Prins hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qayda pozuntusu yox idi. Sürüşdü, ona görə qaydanı pozdu. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər”.