“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşukun cari mövsümdəki çıxışı ölkəsinin mətbuatında diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, Ukrayna mətbuatında dərc olunan geniş təhlildə 26 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisindəki rolunun əhəmiyyətli dərəcədə artdığı və milli komandaya namizəd kimi nəzərdən keçirilməyə layiq olduğu bildirilib.
Məqalədə qeyd olunur ki, Kaşuk cari mövsümdə keçirdiyi 15 oyunda beş qol vurub və bir məhsuldar ötürmə edib. Müəllifin fikrincə, futbolçunun inkişafını yalnız statistik göstəricilərlə deyil, komandadakı mövqeyinin dəyişməsi ilə də qiymətləndirmək lazımdır.

Ukrayna nəşri Kaşukun əsas heyətdə möhkəmlənməsini Leandro Andradenin “Polissya”ya transferi ilə əlaqələndirib. Bildirilib ki, uzun müddət “Qarabağ”ın sağ cinahında əsas seçim olan kabo-verdeli futbolçunun ayrılması ukraynalı oyunçu üçün yeni imkanlar yaradıb.
Müəllif vurğulayıb ki, Kaşuk yaranmış fürsətdən uğurla istifadə edib və komandanın hücum xəttində əsas fiqurlardan birinə çevrilib.
Yazıda “Qarabağ”ın heyətində baş verən dəyişikliklərə də toxunulub. Ötən mövsüm çempionluğu “Sabah”a uduzan Ağdam klubunun yenilənmə mərhələsindən keçdiyi, xüsusilə hücum xəttinə yeni futbolçuların cəlb olunduğu qeyd edilib.
Bununla belə, Kaşukun klubun oyun sisteminə daha yaxşı bələd olması və müxtəlif hücum mövqelərində çıxış etmək bacarığı onun üstünlüyü kimi göstərilib.
Məqalədə futbolçunun “Qarabağ” karyerasında keçirdiyi 87 oyunda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qaldığı bildirilib. Onun əvvəllər “Sabah”da 41 qarşılaşmada 18 qol və 12 assist etməsi də xatırladılıb.
Ukraynalı jurnalist Kaşukun bu mövsüm “Şamaxı”, “Zirə”, “İmişli” və “Neftçi” ilə oyunlarda fərqləndiyini xüsusi vurğulayıb. Həmçinin futbolçunun Kiyev “Dinamo”su və “Benfika” ilə qarşılaşmalardakı çıxışı yüksək qiymətləndirilib.
Yazının əsas diqqətçəkən məqamı isə Kaşukun Ukrayna millisinə mümkün dəvəti ilə bağlıdır.
Müəllif hesab edir ki, Ukrayna yığmasının sağ cinahında alternativlərin məhdud olması “Qarabağ”ın futbolçusuna şans verilməsi üçün əsas yaradır. Viktor Tsıqankovun bu mövqedə əsas namizədlərdən biri olduğu, lakin ona əvəzedici futbolçunun lazım gəldiyi qeyd edilib.
Təhlildə Azərbaycan və Ukraynanın UEFA-nın ölkələr reytinqində qonşu pillələrdə qərarlaşmasına da diqqət çəkilib. Azərbaycanın 24-cü, Ukraynanın isə 23-cü yerdə olması iki ölkənin klub futbolu arasındakı səviyyə fərqinin əvvəlki qədər böyük olmadığını göstərən arqument kimi təqdim edilib.
Müəllif yekunda Kaşukun mütləq əsas heyətdə oynamasının vacib olmadığını, lakin onun milli komandanın məşqçilər korpusu tərəfindən diqqətlə izlənilməli olduğunu vurğulayıb.

