Şahin Diniyev: “Bu cür oyunlar altı xallıq sayılır"

Xəbərlər
22 Yanvar 2024 18:00
142
Şahin Diniyev: “Bu cür oyunlar altı xallıq sayılır"

"Meydanda dinamik oyun var idi. Hər iki komanda hücum və müdafiədə taktiki cəhətdən savadlı oyun göstərməyə çalışırdı”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının “Zirə” ilə görüşündən sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bildirib: “Belə hava şəraitində topa nəzarət etmək də çətindir. İkinci hissədə futbolçularımız topu yerə salmaq, ona nəzarət etməyə çalışırdı. Onlara təşəkkür edirəm ki, bacardıqlarının çoxunu etdilər. Komanda şəklində xarakter göstərə bildik. Qış fasiləsindən sonra ilk oyunumuz idi. Bu görüşə heç-heçə yaraşırdı”.

Diniyev matçın qolsuz bitməsinə də münasibət bildirib: “Qollu heç-heçə olsaydı, daha yaxşı olardı. Bu gün hər iki komanda bir xal qazandı, heç bir itirmədi. Liderlər qrupunda yer alan komandaların oyunu idi. Heç kim xal itirmək istəmirdi. Bu cür oyunlar altı xallıq sayılır. İtkilərimiz var, zədəlilərimiz hələ qayıtmayıb. İlk dəfədir üçlü mərkəz müdafiəçisi ilə oynayırdıq. Bu, futbolçularımızın olmaması ilə bağlıdır. Yeni transferlərimiz hələ dünən gəlib. Onlar Antalya toplanışında bizimlə olmayıblar. Bu gün sistemimiz işlədi. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq. Hər bir xal bizə kömək edəcək".

Qeyd edək ki, Bakı derbisində 0:0 hesabı qeydə alınıb.

İdman.biz