“Neftçi”nin baş məşqçisi “Dinamo”ya məğlubiyyətin səbəbini açıqladı - VİDEO

“Neftçi”nin baş məşqçisi  “Dinamo”ya məğlubiyyətin səbəbini açıqladı - VİDEO

Azərbaycanın “Neftçi” futbol komandasının baş məşqçisi Yuri Vernidub avrokuboklarda mübarizənin dayandmasına görə bütün məsuliyyəti üzərinə götürüb.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Minsk “Dinamo”su ilə oyunları dəyərləndirərkən ilk görüşdə 2:0 hesabı ilə önə keçdikdən sonra 2:4 hesablı məğlubiyyəti hələ də izah etməkdə çətinlik çəkdiyini bildirib.

“Məsuliyyət tamamilə mənim üzərimdədir. Bunu deməkdən çəkinmirəm. Məncə, bu məğlubiyyət daha çox psixoloji hazırlıq və mentalitetə görədir. Bizdə çatışmayan əsas amil də məhz bu oldu. Səkkizinci dəqiqədə hesabda 2:0 öndə olduğumuz halda oyunu 2:4 hesabı ilə uduzduğumuza hələ də inana bilmirəm”, - deyə Vernidub bildirib.

Baş məşqçi futbolçuların fiziki durumunun məğlubiyyətdə rol oynamadığını vurğulayıb. Onun sözlərinə görə, cavab görüşündə komandanın qaçış, sprint və sürətlənmə göstəriciləri ilk matçla müqayisədə xeyli yüksək olub. Vernidub bunu ilk oyundakı problemin fiziki hazırlıqdan deyil, psixoloji amillərdən qaynaqlandığının göstəricisi hesab edir.

Mütəxəssis komanda daxilində futbolçularla münaqişə yaşadığı barədə yayılan xəbərləri də təkzib edib. O, “Neftçi”də ümumi ab-havanın yaxşı olduğunu və kollektivin Azərbaycan çempionatına hazırlığını normal şəkildə davam etdirdiyini bildirib.

Vernidub yeni transferlərə də toxunub. O, komandaya beş transferin həyata keçirildiyini, lakin Varqasın geri qayıtmasını nəzərə alaraq faktiki olaraq dörd yeni futbolçunun cəlb edildiyini söyləyib. Baş məşqçi Abbasov, Qravilyon, Qustavo Klisman və Tuptanın keyfiyyətlərinə inandığını qeyd edib və azarkeşlərdən yeni oyunçular barədə bir-iki matça əsasən nəticə çıxarmamağı xahiş edib.

“Neftçi”nin heyəti gücləndirmək üçün çalışmalarını davam etdirdiyini deyən Vernidub klubun “transfer xətrinə transfer” etmək istəmədiyini də vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd komandaya real fayda verə biləcək yüksək səviyyəli futbolçular tapmaqdır.

Qeyd edək ki, Vernidub “Neftçi”nin avqustun 16-da Azərbaycan çempionatında mübarizəyə başlayacağını və komandanın hazırda bütün diqqətini daxili yarışlara hazırlığa yönəltdiyini bildirib.

İdman.Biz