"Qol vurduq, oyuna nəzarəti ələ aldıq"

Xəbərlər
22 Sentyabr 2023 00:04
146
"Qol vurduq, oyuna nəzarəti ələ aldıq"

“Gördüyünüz kimi çox ağır oyun keçdi, rəqibi yaxşı analiz etmək üçün çox zəhmət çəkmişdik”.

Bu sözləri İdman.biz-ə açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Kapitan oyundan öncə ssenarinin yazıldığı bildirib: “Öncədən baş məşqçinin verdiyi tapşırıqlar, tövsiyələr oyuna daxil olan kimi öz yerini tapdı. Futbolçularını birə-bir analiz etmişdik. Oyuna gəlincə ilk hissədə 3 real qol epizodundan yararlana bilmədik ki, oyun bizim üçün rahat olsun. Buna baxmayaraq ikinci hissədə qol vurduq, oyuna nəzarəti ələ aldıq. İnanıram ki, bunu bacardıq, hər kəs xoşbəxtdir, qətiyyən arxayınlaşma olmayacaq, növbəti oyunlarda qələbə qazanmaq istəyirik ki, xallar toplayıb qrupdan çıxaq”.

M.Medvedev oyun zamanı boşluqların olduğunu etiraf edib: “Hər halda biz yerli çempionatda deyil, AL qrupunda oynayırıq, boşluqların olduğunu normaldır. Hər üç xəttə çatışmazlıqlar oldu, əsas odur ki, nəticə əldə etdik. Onsuz oyundan sonra bu görüşü analiz edəcəyik, boşluqları tapıb onların üzərində işləyəcəyik”.

Təcrübəli futbolçu "Molde"nin oyununu belə təsvir edib: “Molde”nin "Qalatasaray"la oyunu barədə danışmağım peşəkarlıqdan kənar olar. Biz də hər iki oyuna baxmışıq, mən hətta 5 dəfə baxmışam. Lakin Qurban müəllim bu görüşdə bizə fərqli tapşırıqlar verdi, biz də tapşırıqlara əməl edərək qapımızda qol görmədik. Mən demirəm ki, tək müdafiə yaxşı oynadı, hücumçulara da təşəkkür edirəm”.

Maksim növbəti "Hakken"lə oyun barədə bunları deyib: “İnanın ki, ən çətin elə "Molde", "Hakken" kimi komandalara qarşı oynamaqdır. Çünki həmin oyunlarda hər kəs bizdən qələbə gözləyir. "Bayer" isə səs-küylü komandadır, mənə görə "Bayer"lə oynamaq daha asandır, nəinki digər rəqiblərlə”.

Ağa Dadaşzadə

İdman.biz