"İstəmirəm futbolçularımız meydandan məyus ayrılsın"

Xəbərlər
9 Sentyabr 2023 11:59
113
"İstəmirəm futbolçularımız meydandan məyus ayrılsın"

AVRO-2024-ün seçmə mərhələsində bu gün Azərbaycan milli komandası Belçika millisi ilə növbəti oyununu keçirəcək. Bununla bağlı millimizin heyətində 12 il öncə Bakıda keçirilən görüşdə Belçikaya cavab qolunu vuraraq komandamıza heç-heçə qazandıran Rauf Əliyevlə danışdıq. Sabiq hücumçu İdman.biz-ə tarixi təkrarlamağın vacib olduğunu vurğuladi:

“Hər kəs Belçikanın gücünü bilir, qrupun favoritidir, çətin oyun olacaq. Amma onu da deyim ki, millimiz də asan təslim olmamalıdır, mübarizə aparmalıdır. Niyə də tarixi təkrarlamayaq, niyə xal qazanmayaq? Düşünürəm ki, bunu bacarmaq olar. Sadəcə özlərinə inansınlar, əsas odur ki, meydanda əzmkar futbol oynasınlar. Sözün düzü müqayisə etmək istəməzdim, mənim də oynadığım dövrdə Belçika güclü idi, indi də güclüdür. Çox istəyirəm ki, komandamız görüşdə xal qazansın, istəmirəm futbolçularımız meydandan məyus ayrılsın. Ona görə maksimum nəticə gözləyirəm ki, həm də azarkeşlər qələbə sevincini yaşasın”.

Qeyd edək ki, "Dalğa Arena" baş tutacaq görüş saat 17:00-da start götürəcək. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Ağa Dadaşzadə

İdman.biz