“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevi Azərbaycan çempionatının Rusiyada düşünüldüyündən daha güclü olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, artıq 8 ildir Azərbaycanda çıxış edən İsayev yerli komandaların rəqabət qabiliyyətini xüsusi vurğulayıb.
“Rusiyada demək olar ki, hamı Azərbaycan liqasının zəif olduğunu düşünür. Amma səmimi deyim ki, artıq 8 ildir buradayam və burada çox güclü komandalar var. Hazırda Qurban Bəkieviç Berdıyev “Turan Tovuz”da çalışır. Bu, öz oyun üslubu olan çox güclü komandadır. “Neftçi” Azərbaycan futbolunun əbədi flaqmanıdır. “Qarabağ” haqqında isə ümumiyyətlə danışmıram. “Zirə” və digər komandalar da var. Çempionat çox çətindir, həqiqətən rəqabətlidir”, - deyə odds.ru-ya açıqlamasında İsayev bildirib.
Yarımmüdafiəçinin sözlərinə görə, Azərbaycan klubları beynəlxalq arenada da rəqiblərinə ciddi problemlər yarada bilər.
“Avropada heç kim Azərbaycan komandaları ilə asan oyun keçirə bilməz. Buradakı futbolun səviyyəsi məni müsbət mənada təəccübləndirib. Burada topla oynamağı sevən, çox texnikalı futbolçular var. Legionerlər də buna əlavə töhfə verirlər - yaxşı xarici oyunçular gəlir”, - deyə o qeyd edib.
Rusiya Premyer Liqası ilə müqayisə barədə suala cavab verən İsayev Azərbaycanın iki aparıcı klubunu xüsusi fərqləndirib.
“Düşünürəm ki, “Qarabağ” və “Sabah” Rusiya Premyer Liqasında heç kimə uduzmaz. 100 faiz əminliklə deyə bilərəm ki, onlar RPL-də çox yaxşı təsir bağışlayardılar”, - futbolçu vurğulayıb.
Qeyd edək ki, “Sabah” çərşənbə axşamı Çempionlar Liqasının pley-off təsnifat mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edib. Bununla Bakı təmsilçisi tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib. İsayev görüşə 63-cü dəqiqədə daxil olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
