Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirən “İmişli” futbol klubunun qapıçısı Yusif İmanovun əsas hədəfi milliyə layiq olmaq və gələcəkdə Avropa klublarında çıxış etməkdir.
O, yubiley matçının daha əvvəl reallaşmalı olduğunu vurğulayıb.
“Müəyyən səbəblərdən bir müddət oynamadığıma görə 100-cü matçım təxirə düşdü. Bu göstəriciyə daha gənc yaşda çatmaq istəyirdim, lakin qismət belə imiş. Xoşbəxtəm və ümid edirəm ki, qarşıda daha çox oyunda meydana çıxacağam”, - deyə o report.az-a açıqlamasında söyləyib.
23 yaşlı qapıçı komandasının Premyer Liqanın ikinci turunda “Zirə”yə 1:3 hesablı məğlubiyyətinə də toxunub:
“Təəssüf ki, uduzduq. Lakin mövsüm yeni başlayıb. Məqsədimizə çatmaq üçün səylə çalışırıq. İnanıram ki, yaxşı nəticələr əldə edəcəyik, çünki heyətdə keyfiyyətli futbolçular və yaxşı məşqçilər korpusu var. Buraxdığım qolların sayına gəlincə, bu statistikaya fikir vermirəm. Əsas olan işimi ən yaxşı şəkildə görmək, həm özümün, həm də komandanın inkişafına kömək etməkdir”.
Y.İmanov hədəflərini də bölüşüb:
“Əsas məqsədim günü-gündən inkişaf etməkdir. Daha yaxşı performans göstərəcəyimi bilirəm. Minimum sayda qol buraxaraq komandaya fayda vermək və milli komandaya layiq olmaq istəyirəm. Futbola başladığım gündən əsas hədəfim dəyişməyib - Avropada oynamaq istəyirəm. Lakin hazırda bütün diqqətimi “İmişli”nin uğurları üçün ən yaxşısını etməyə yönəltmişəm”.
Qeyd edək ki, Y.İmanov Misli Premyer Liqasının ikinci turunda, “Zirə” ilə matçda ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
