“Kəpəz” futbol klubunun yeni transferi Desmond Akuanın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında Gəncə təmsilçisinin futbolçuları sırasında yer almamasına aydınlıq gətirilib.
Klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov sport24.az-a açıqlamasında futbolçunun PFL-də iştirak ərizəsinə daxil ediləcəyini bildirib.
Klub rəsmisi Akuanın artıq növbəti turda “Turan Tovuz”la matçda oynamaq imkanının olacağını vurğulayıb:
“Futbolçu PFL-də iştirak ərizəsinə daxil ediləcək. Üçüncü turda “Turan Tovuz”la matçda da iştirak ərizəsində yer alacaq. Hər hansı problem yoxdur”.
Beləliklə, Desmond Akuanın PFL-in rəsmi saytında hələ görünməməsi ilə bağlı hər hansı problem olmadığı və futbolçunun növbəti turda “Kəpəz”in heyətində yer alacağı dəqiqləşib.
Qeyd edək ki, Gəncə klubu 24 yaşlı futbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalayıb. “Kəpəz” - “Turan Tovuz” qarşılaşması avqustun 30-da keçiriləcək.
