Bakıda Azərbaycan futbolunun yeni böyük tarixlərindən biri yazıldı. “Sabah” əlavə vaxtda “Hapoel Beer-Şeva”nı 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqasının əsas – liqa mərhələsinə vəsiqə qazandı.
İdman.Biz xəbər verir ki, iki oyunun nəticəsinə əsasən, Valdas Dambrauskasın komandası 6:4 hesabı ilə qalib gəlib. Lakin bu rəqəmlər Tofiq Bəhramov adına Respublika stadionunda yaşananları tam ifadə etmir.
İlk görüşdə 1:2 hesabı ilə məğlub olan “Sabah” üçün cavab oyunu da yaxşı başlamadı. Artıq 10-cu dəqiqədə İqor Zlatanoviç “Hapoel”i hesabda önə keçirdi. Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa etsə də, fasilədən sonra Qay Mizrahi yenidən Bakı tribunalarını susdurdu - 1:2. Bununla da iki oyunun nəticəsinə görə hesab 2:4 oldu.
“Sabah” uçurumun kənarında idi, amma təslim olmaq fikrində deyildi.
74-cü dəqiqədə Umarali Rəhmonəliyev hesabı bərabərləşdirdi. Lakin bu da kifayət etmirdi. Vaxt azalırdı və “Hapoel” artıq özünü Çempionlar Liqasının liqa mərhələsində görürdü. Ancaq 90+4-cü dəqiqədə meydana sonradan daxil olan Tellur Mütəllimov klub tarixinin həmin ana qədər ən vacib qolunu vurdu - 3:2. İki oyunun nəticəsinə görə hesab 4:4 oldu və qarşılaşma əlavə vaxta getdi.
100-cü dəqiqədə Cibril Diopun qırmızı vərəqə alması ilə İsrail komandası azlıqda qaldı. Cəmi bir dəqiqə sonra Orfe Mbina “Sabah”ı iki oyunun nəticəsinə görə ilk dəfə önə keçirdi. 115-ci dəqiqədə isə Cey-Lens Mikkels oyuna son nöqtəni qoydu – 5:2.
Bakı stadionu ayağa qalxdı: “Sabah” Çempionlar Liqasının liqa mərhələsində idi.
Bu tarixi gecəyə aparan yol ilk təsnifat mərhələsindən başlamışdı. Əvvəlcə Azərbaycan komandası Uelsin “The New Saints” klubunu hər iki oyunda məğlub etdi – 2:0 və 2:1. Ardınca Finlandiyanın KUPSporta klubuna da şans vermədi – Bakıda 1:0, səfərdə 2:0.
Üçüncü mərhələdə “Sabah”ın xarakteri ilk dəfə ciddi sınaqdan keçdi. Komanda Danimarkada “Orhus”a 1:2 hesabı ilə uduzdu, lakin cavab oyununda rəqibini darmadağın etdi – 4:0. Pley-offda isə eyni ssenari təkrarlandı: “Hapoel”ə ilk oyunda 1:2 hesabı ilə məğlubiyyət və Bakıda 5:2 hesablı möhtəşəm qələbə.
Səkkiz oyun, altı qələbə, 18 qol və keçilən dörd mərhələ. Üstəlik, “Sabah” iki dəfə ilk oyunda 1:2 hesabı ilə məğlub olub, cavab görüşlərində isə rəqiblərinə dörd və beş qol vuraraq vəziyyəti öz xeyrinə dəyişib.
Bu uğurun başqa bir diqqətçəkən tərəfi klubun yaşındadır. “Sabah” 8 sentyabr 2017-ci ildə yaradılıb və fəaliyyətinə I Divizionda başlayıb. Klubun doqquz yaşı tamam olmasına cəmi iki həftə qalmış komanda Çempionlar Liqasının 36 iştirakçısından biri oldu.
2017-ci il – klubun yaranması.
2018-ci il – Premyer Liqada debüt.
2026-cı il – Avropanın əsas klub turnirinin liqa mərhələsinə vəsiqə.
Bundan əvvəl Azərbaycanı Çempionlar Liqasının liqa mərhələsində yalnız “Qarabağ” təmsil edib. İndi isə ölkə futbolu tarixində bu uğura çatan ikinci klub “Sabah”dır.
“Sabah” möcüzə gözləmədi – onu özü yaratdı. Qarşılaşmada geri düşdü, iki dəfə hesabda geridə qaldı, 90+4-cü dəqiqədə mübarizəni davam etdirmək üçün vacib qol vurdu və əlavə vaxtda rəqibini məğlub etdi.
Bu, sadəcə qələbə deyildi. Sadəcə möhtəşəm geridönüş də deyildi.
Bu, Azərbaycan sayağı geridönüş idi. Və başqa cür də ola bilməzdi.
