“Araz-Naxçıvan”ın sabiq qapıçısı Albaniya nəhəngində

20 Avqust 2026 07:35
68
“Araz-Naxçıvan”ın sabiq qapıçısı Albaniya nəhəngində

“Araz-Naxçıvan” futbol komandasının sabiq qapıçısı Kristian Avramın yeni klubu məlum olub.

İdman.Biz xəbər verir ki, 32 yaşlı qolkiper Albaniyanın “Vlajniya” klubu ilə müqavilə imzalayıb. Şkodra təmsilçisi transferi rəsmən açıqlayıb.

1994-cü il iyulun 27-də anadan olan qapıçı karyerası ərzində “Akademiya Kişinyov”, “Daçiya Kişinyov”, “Dinamo-Auto Tiraspol”, “Petrokub Hınçeşti”, “Qloriya Buzau” və “Araz-Naxçıvan”da çıxış edib.

Avram Moldova millisində 16 oyun keçirib. O, yığmada debütünü 2021-ci il iyunun 6-da Azərbaycanla yoldaşlıq görüşündə edib.

Qapıçı 2023/24 mövsümündə “Petrokub”la Moldova çempionu olub, 2020-ci ildə ölkə kubokunu qazanıb. O, 2019/20 mövsümündə Moldova çempionatının ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, 1919-cu ildə yaradılan “Vlajniya” Albaniyanın ən titullu klublarından biridir. Komanda doqquz dəfə ölkə çempionu olub, səkkiz dəfə Albaniya kubokunu, iki dəfə isə Superkuboku qazanıb.

Avramın yeni komandasında debütü avqustun 21-də “Skenderbeu”ya qarşı çempionat oyununda baş tuta bilər.

İdman.Biz