“Dinamo”nun sabiq hücumçusu: “Qarabağ” bizə cəmi bir dəfə şans verdi”

14 Avqust 2026 15:40
166
“Dinamo”nun sabiq hücumçusu: “Qarabağ” bizə cəmi bir dəfə şans verdi”

Kiyev “Dinamo”sunun sabiq hücumçusu Viktor Leonenko komandanın UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Leonenko “Sport-express”ə açıqlamasında Azərbaycan çempionunun mərhələni tam layiqincə keçdiyini deyib.

“Burada nə demək olar? “Dinamo” tamamilə layiqli şəkildə məğlub oldu. Ağdamlılar kiyevlilərə cəmi bir şans verdilər - qapıdan topu oyuna daxil edərkən. Brajko qapıçı ilə üzbəüz qaldı, amma qol vura bilmədi. Qalan epizodlarda ya ofsayd var idi, ya da çoxlu səhvlər. Dubinçak ofsayddan qol vuranda isə elə üz ifadəsi ilə gedirdi ki, sanki “baxın, hamıdan yaxşıyam” deyirdi”, - sabiq hücumçusu bildirib.

Leonenko “Qarabağ”ın ilk görüşdən sonra düzgün nəticə çıxardığını da vurğulayıb:

“Qarabağ”ın layiqli qələbəsi idi. Onlar heç olmasa ilk oyundan nəticə çıxarmışdılar və daha az səhvə yol verdilər. Bizdə isə həmişəki kimi - təhlükəli qol vəziyyəti yoxdur”.

Sabiq futbolçu “Dinamo”nun gənc hücumçusu Matvey Ponomarenkonun transfer qiyməti ilə bağlı da istehzalı fikir səsləndirib:

“Belə oyundan sonra bir sual vermək olar: Ponomarenko indi neçəyədir?”

Qeyd edə ki, daha əvvəl futbolçunun Avropa klublarından birinə yüksək məbləğə satıla biləcəyi barədə xəbərlər yayılıb.

Leonenko futbolçuların yorğunluğunu da məğlubiyyət üçün əsaslı səbəb hesab etməyib. O bildirib ki, mövsümün belə erkən mərhələsində yorğunluqdan danışmaq düzgün deyil və baş məşqçi İqor Kostyukun heyətdə dəyişiklik etmək üçün kifayət qədər imkanları olub.

“Dinamo” cavab qarşılaşmasında “Qarabağ”a 0:2 hesabı ilə uduzaraq avrokuboklarda mübarizəni başa vurub.

İdman.Biz