“Sabah” Danimarkadakı məğlubiyyətdən sonra ondan gözləniləni etdi. Hətta bunu gözləniləndən də daha inamlı şəkildə bacardı.Bakı təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Orhus”u 4:0 hesabı ilə darmadağın edərək iki görüşün nəticəsinə görə 5:2 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.
İdman.Biz xəbər verir ki, avqustun 11-də “Bank Respublika Arena”da keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatsa da, fasilədən sonra meydan sahibləri Danimarka klubunu sözün əsl mənasında çökdürdülər. Velko Simiç 59-cu, Stiv Solvet 67-ci, Coy-Lens Mikels 78-ci, Ksander Severina isə 89-cu dəqiqədə fərqlənib.
Amma yekun 4:0 hesabı belə meydanda baş verənləri tam əks etdirmir. Hesab daha böyük ola bilərdi.
Maraqlıdır ki, ilk hissədən sonra tabloda hələ də 0:0 hesabı qalırdı. Halbuki “Sabah” fasiləyə qədər işi xeyli asanlaşdıra bilərdi.Bakı klubu mütəmadi olaraq “Orhus”un cərimə meydançasına daxil olur, təhlükəli vəziyyətlər yaradırdı, lakin son nöqtəni qoymaqda çətinlik çəkirdi. Coy-Lens Mikels bir neçə dəfə əlverişli mövqedə topa yiyələnsə də, şanslardan istifadə edə bilmədi. Orfe Mbina da imkanlarını boşa verdi, 39-cu dəqiqədə isə Akim Zedadkanın təhlükəli zərbəsini qonaqların qapıçısı dəf etdi.
Ən yaddaqalan epizodlardan biri ikinci hissənin lap əvvəlində yaşandı. Mikels demək olar ki, qapı meydançasının içindən zərbə endirmək imkanı qazansa da, topu qapının üstündən vurdu. Ardınca Mbina qapıçını yenidən işə qoşdu, Mikels isə daha bir neçə real qol imkanını əldən verdi.
Bu səbəbdən hətta 4:0 hesabı belə daha böyük ola bilərdi.
Amma ikinci hissədə yaradılan çoxsaylı imkanlar nəhayət qollara çevrilməyə başladı. 59-cu dəqiqədə Mikels Simiçi əlverişli mövqeyə çıxardı və serbiyalı futbolçu hesabı açdı – 1:0. Bu qol iki oyunun ümumi hesabını bərabərləşdirdi. Cəmi səkkiz dəqiqə sonra Aleksey İsayevin standart vəziyyətdən ötürməsini Solvet başla dəqiq tamamladı – 2:0. Artıq bu qol “Sabah”ı iki görüşün nəticəsinə görə önə çıxardı.
Bundan sonra danimarkalıların oyunu faktiki olaraq dağıldı.
78-ci dəqiqədə matç ərzində çoxsaylı imkanlar əldə edən Mikels nəhayət özü də fərqləndi. 89-cu dəqiqədə isə meydana sonradan daxil olan Severina yekun hesabı müəyyənləşdirdi – 4:0.
İlk görüşdə “Orhus” 2:1 hesabı ilə qalib gəlmişdi. Bakıda isə “Sabah” sadəcə bir top fərqini aradan qaldırmadı – rəqibini darmadağın etdi. İki oyunun nəticəsi – 5:2.
“Sabah” Çempionlar Liqasına bir addım da yaxınlaşdı
Bu qələbə Bakı klubunu Çempionlar Liqasının pley-off mərhələsinə – turnirin əsas mərhələsinə gedən yolda son təsnifat səddinə çıxardı.
“Sabah”ın növbəti rəqibi “Srvena Zvezda” – “Hapoel” Beer-Şeva cütünün qalibi olacaq. İsrail təmsilçisi ilk görüşdə 1:0 hesabı ilə qalib gəlib, cavab matçı isə bu gün Belqradda keçiriləcək. Məhz həmin qarşılaşmadan sonra Azərbaycan çempionunun rəqibi müəyyənləşəcək.
Çempionlar Liqasının pley-off oyunları 18/19 və 25/26 avqustda keçiriləcək. Amma “Sabah”ın əsas uğurlarından biri artıq indidən rəsmiləşib.
Avropa Liqası artıq təmin olunub
“Orhus” üzərində qələbədən sonra “Sabah” üçün avrokubok payızından kənarda qalmaq ehtimalı artıq yoxdur.
Hesablama çox sadədir.
Azərbaycan klubu Çempionlar Liqasının pley-offunda qalib gəlsə, tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
Məğlub olacağı halda isə avrokuboklarla vidalaşmayacaq və başqa bir təsnifat mərhələsinə də yollanmayacaq.
“Sabah” birbaşa Avropa Liqasının əsas mərhələsində iştirak edəcək.
UEFA-nın reqlamentinə əsasən, Çempionlar Liqasının pley-off mərhələsində məğlub olan bütün komandalar avtomatik olaraq Avropa Liqasının liqa mərhələsinə keçir.
Beləliklə, bugünkü 4:0-dan sonra bunu artıq tam əminliklə demək olar:
“Sabah” 2026/27 mövsümündə ən azı Avropa Liqasının əsas mərhələsində iştirakını təmin edib.
Bu, artıq təsnifat deyil və növbəti şans gözləməyə də ehtiyac yoxdur.
“Sabah” böyük avrokubok payızında öz yerini rəsmən təmin edib.
Qarşıda minimum səkkiz böyük Avropa oyunu var
Avropa Liqasının formatında hər komanda əsas mərhələdə səkkiz oyun keçirir – dördünü evdə, dördünü səfərdə və səkkiz fərqli rəqibə qarşı.
Çempionlar Liqasının əsas mərhələsində də eyni sistem tətbiq olunur – səkkiz qarşılaşma.
Burada maraqlı bir rəqəm ortaya çıxır. “Sabah”ı qarşıda Çempionlar Liqasının pley-offunda iki oyun gözləyir. Bundan sonra isə həmin qarşıdurmanın nəticəsindən asılı olmayaraq komanda payız və qış aylarında daha azı səkkiz avrokubok matçı keçirəcək.
Başqa sözlə, bugünkü qələbə ilə “Sabah” cari mövsümdə özünə daha ən azı 10 avrokubok oyunu təmin edib.
Avrokuboklarda ilk dəfə cəmi 2023-cü ildə çıxış etmiş bir klub üçün bu, kifayət qədər böyük sıçrayışdır.
Artıq minimum hədəf də böyüyüb
Hələ əvvəlki mərhələdən sonra “Sabah” ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin etmiş və “Neftçi”, “Qarabağ” və “Qəbələ”dən sonra avrokubokların əsas mərhələsinə yüksələn dördüncü Azərbaycan klubu olmuşdu.
İndi isə bu sığorta variantına artıq ehtiyac yoxdur.
Konfrans Liqası “Sabah” üçün təmin edilmiş minimum səviyyədən də aşağıda qalıb.
Minimum – Avropa Liqasıdır. Maksimum isə Çempionlar Liqası.
Bugünkü 90 dəqiqənin yaratdığı ən böyük dəyişiklik də məhz budur.
Amma başqa vacib məqam da var.
Danimarkadakı 1:2 hesablı məğlubiyyətdən sonra “Sabah” sübut etməli idi ki, klubun Avropa ambisiyaları komandanın real səviyyəsinə uyğundur.
Bakı təmsilçisi buna ehtiyatlı 1:0 hesablı qələbə ilə və ya əlavə vaxtda çətinliklə qazanılmış vəsiqə ilə cavab vermədi. 4:0-la cavab verdi.
Üstəlik, hesab daha böyük də ola bilərdi.
İndi son addım qalıb.
Və “Sabah”ın tarixində ilk dəfə həmin addımdan əvvəl sual artıq belə səslənmir: “Komanda avrokubokların əsas mərhələsinə çıxacaqmı?”.
“Sabah” artıq ora çıxıb.
İndi sual daha maraqlıdır: Hansı turnirə – Avropa Liqasına, yoxsa Çempionlar Liqasına?
