“Neftçi”dən “Araz-Naxçıvan”a keçən futbolçu keçidinin səbəbini açıqladı

11 Avqust 2026 13:41
155
“Neftçi”dən “Araz-Naxçıvan”a keçən futbolçu keçidinin səbəbini açıqladı

“Araz-Naxçıvan”a keçməyimdə baş məşqçi Cavid Hüseynovla telefon danışığımız əsas rol oynadı”.

Bu sözləri “Neftçi”dən icarə əsasında “Araz-Naxçıvan”a keçən Ağadadaş Salyanski deyib.

22 yaşlı hücumçu bildirib ki, Cavid Hüseynovun zəngindən əvvəl də klublar arasında danışıqlar olub.

“Lakin son qərarı mən verməli idim. Düşündüm ki, bir il icarə əsasında oynamaq mənim üçün faydalı olar. Bu səbəbdən “Araz-Naxçıvan”la görüşdüm və razılığa gəldim”, - deyə o AZƏRTAC-a açıqlamasında deyib.

Salyanski digər klublardan rəsmi təklif almadığını qeyd edib: “Ən real təklif “Araz-Naxçıvan”dan gəldi. Baş məşqçi mənə zəng etdi, klubla da danışıqlar oldu. Bir sözlə, ən real variant “Araz-Naxçıvan” idi və mən də bu komandanı seçdim”.

Futbolçu qərar verərkən “Neftçi”nin baş məşqçisi Yuri Vernidubla da söhbət etdiyini deyib: “Mənə uğurlar arzuladı və daha çox oyun praktikasının faydalı olacağını bildirdi. Bunu mən də başa düşürdüm. “Neftçi”də rəqabət bir qədər də çətinləşib. Çünki komanda daim yüksək yerlər uğrunda mübarizə aparır və əsas hədəf çempionluqdur”.

Hücumçu “Araz-Naxçıvan”da daha çox oynayaraq təcrübə qazanmaq və gələcəkdə “Neftçi”nin əsas heyətində yer almaq istədiyini vurğulayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Ağadadaş Salyanskini 1 illik icarəyə götürüb.

İdman.Biz