Türkiyə klubuna keçən azərbaycanlı futbolçu: “Neftçi”dən ayrılmaq asan olmadı” - MÜSAHİBƏ

29 Yanvar 2026 16:52
88
Türkiyə klubuna keçən azərbaycanlı futbolçu: “Neftçi”dən ayrılmaq asan olmadı” - MÜSAHİBƏ

“Bura gəldikdən qısa müddət sonra yeni komandama uyğunlaşdım. Hazırkı durum çox yaxşıdır”.

Bunu Türkiyənin “Qaziantep” klubuna transfer olunan Azərbaycan milisinin futbolçusu Coşqunə Əliyeva “Report”a müsahibəsində deyib.

O, yeni komandasının durumu, qarşıya qoyulan hədəflərdən danışıb. 23 yaşlı hücumçu ailəsindən uzaq qalmağın onun üçün elə də çətin olmadığını vurğulayıb.

Həmin müsahibəni təqdim edirik.

- “Qaziantep”dən təklif gələndə qərar vermək və “Neftçi”dən ayrılmaq sizin üçün çətin olmadı?

- “Neftçi”dən ayrılmaq asan olmadı. Üç mövsüm “Neftçi”də oynamışam. Bu komanda ilə 2 dəfə Azərbaycan çempionu olmuşam.

- Başqa klublardan təklif var idi? Qaziantep təmsilçisini seçməkdə hansı amil əsas rol oynadı?

- Bəli, başqa təkliflər də var idi. “Qaziantep”i seçməkdə əsas məqsədim komandanın çempionluq şanslarının yüksək olmasıdır.

- Yeni komandanıza uyğunlaşma prosesi necə keçir?

- Bura gəldikdən qısa müddət sonra yeni komandama uyğunlaşdım. Hazırkı durum çox yaxşıdır. Oyunlara ciddi şəkildə hazırlaşırıq. Əsas heyətdə möhkəmlənmək üçün özümü yaxşı tərəfdən göstərməliyəm. Məşqlərdə və oyunlarda performansım yaxşı olmalıdır.

- Heyətdə tanıdığınız və ya nə vaxtsa birlikdə oynadığınız futbolçular var?

- Xeyr, heyətdə əvvəl birlikdə oynadığım futbolçular yoxdur. Amma tanıdığım oyunçular var.

- “Qaziantep”də qarşınıza hansı hədəflər qoyulub?

- Bura gəlməmişdən əvvəl Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovla da məsləhətləşmişdim. Yaxşı, iddialı klubdur. Əsas məqsəd çempion olub Superliqaya çıxmaqdır.

- Avropanın digər güclü liqalarına keçmək üçün “Qaziantep”i tramplin hesab edirsiniz?

- Bəli. Əlimə düşən imkanları yaxşı dəyərləndirməyə çalışacağam. Zamanla daha yaxşı komandalarda olacağıma inanıram.

- Qaziantep şəhəri futbol ab-havası ilə tanınır. Şəhərlə tanış ola bilmisiniz?

- Şəhəri gəzmək üçün hələ vaxtım olmayıb. Çünki hazırda məşqlərə köklənmişəm. Özümü daha çox məşqlərə həsr edirəm.

- Şəxsi hədəfləriniz nədir?

- Şəxsi hədəflərim gələcəkdə daha yaxşı klublarda çıxış etməkdir. Daha yaxşı yerlərə getmək üçün bacardığımı ortaya qoyacağam. Bunun reallaşacağına inanıram.

- Ailənizdən uzaqda, başqa ölkədə peşəkar karyera qurmağın ən çətin tərəfi nədir? Buna öyrəşmək çətin olmayacaq?

- Ailəmdən uzaq, başqa ölkədə olmaq mənim üçün çətin deyil. 14 yaşımdan akademiyada çıxış etmişəm. İllərlə ailəmdən uzaq qalmışam. Darıxsam da, artıq buna öyrəşmişəm.

İdman.Biz