MOİK futbol klubunun baş məşqçisi Qəzənfər Abbasovun İdman.bizə müsahibəsi
- Dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaqsız. Xankəndidə keçiriləcək matça necə hazırlaşmısınız?
- Oyuna çox ciddi hazırlaşmışıq. Çünki "Qarabağ"ın futbolçularının gücü, klubun səviyyəsi hər kəsə bəllidir. Futbolçularımız da bunu dərk edir və daha yaxşı məşqlər keçmişik. Çalışacağıq ki, əlimizdən gələnin artığını edək. Komandam da qələbə üçün sonunadək mübarizə aparacaq.
- Sizcə bunu bacaracaqsız?
- “Qarabağ”a qalib gəlmək istəyirik. Kubokda çoxu Premyer Liqa təmsilçiləridir. Biz isə I Liqada çıxış edirik. Təbii ki, irəliyə getmək üçün hər şey edəcəyik. Bu yolda irəliləmək üçün bacardığımızı etməyə hazırıq.
- “Qarabağ” avrokubokda tarix yazmağa davam edir. Fikrinizcə, oyun MOİK üçün çətin olmayacaq?
- Təbii ki, bizi çox ağır oyun gözləyir. Bunu yaxşı bilirik. Buna görə də hər şeyə ciddi yanaşmışıq. Azərbaycan Premyer Liqasında çıxış edən komandaların hamısı “Qarabağ”la qarşılaşdıqları zaman çox əziyyət çəkirlər. Bu oyunun bizə çətin olacağı çox normaldır. Hətta deyərdim, üçqat çətin olacaq. Lakin hər şeyə rəğmən gücümüz nəyə çatırsa, onu meydanda göstərməyə çalışacayıq.
- Komandanız Müzəffər Azərbaycan ordusunu təmsil edir. Bu səbəbdən Xankəndində keçiriləcək matç komandanız üçün əlavə stimul ola bilər?
- “Qarabağ” ilə oyun bizə bir stimuldursa, Xankəndidə ilk dəfə meydana çıxmaq bizə ikiqat motivasiya verəcək. Tarixi torpaqlarımızda oynamaq sadəcə sevindiricidir. Şəxsən sabah məşqçilik karyerama qızıl həriflərlə yazılası bir gün olacaq. Bu bizim komanda üçün də çox vacib amildir. Xankəndidə "Qarabağ"a qarşı oynamaq isə yalnız qürurverici bir hissdir.
Banuçiçək Hüseynli
İdman.biz
