Əfran İsmayılovun arzusu: “Mümkün rəqiblərdən 2-si “Qarabağ”a rəqib olmasın”

Müsahibə
18 Dekabr 2023 10:56
1 640
Əfran İsmayılovun arzusu: “Mümkün rəqiblərdən 2-si “Qarabağ”a rəqib olmasın”

“Qarabağ”ın bütün mümkün rəqibləri güclüdür. Amma təmsilçimizin başa-baş oynaya biləcəyi komandalar da var”.

Bunu İdman.biz saytına veteran futbolçu Əfran İsmayılov deyib.

O, Avropa Liqasının 1/16 final mərhələsinin bu gün atılacaq püşkünə münasibət bildirib. İsmayılov sabiq komandası “Qarabağ”a 2 mümkün rəqibin düşməməsini arzulayır: “Milan” və “Benfika”dan başqa, hər bir rəqibə qarşı oynamaq mümkündür. Hətta Qurban Qurbanovun komandası digər klubları keçmək gücündədir. Adına görə təbii ki, “Milan” və “Qalatasaray”ı Bakıda görmək xoş olardı”.

Onun sözlərinə görə, rəqiblərin bizə zəif gözü ilə baxması xeyrimizə ola bilər: “Təbii ki, nüfuzlarına görə bizi asan keçə biləcəklərini düşünürlər. Qoy, elə fikirləşsinlər. Bu bizim xeyrimizədir. “Qalatasaray” “Kopenhagen”ə də zəif gözü ilə baxırdı. Halbuki bizim məğlub edib Çempionlar Liqasında iştirak hüququ qazandığımız danimarkalıları onlar keçə bilmədilər”.

Veteran futbolçu bildirib ki, pley-off öncəsi heyətin güclənməsinə də ehtiyac var: “Müxtəlif mövqeylərə transferlər etməyə hər zaman ehtiyac var. Düşünürəm ki, “Qarabağ”da əsasən müdafiə və hücumun cinahlarını gücləndirmək lazımdır”.

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının 1/16 final mərhələsində mümkün rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Ukrayna) klublarıdır.

Emin Ağa
İdman.biz