Misli Premyer Liqasının XIV turunda “Şamaxı”nın baş məşqçisi Elnur Çodarov “Karvan-Yevlax” üzərində 3:0 hesablı qələbədən sonra oyunun gedişatı ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın gözlədikləri kimi keçdiyini bildirib.
“Matç maraqlı, gərgin və keyfiyyətli alındı. Xüsusilə birinci hissə. Rəqibin son iki oyununu təhlil etmişdik. “Qarabağ”a qarşı tam başqa cür görünürdülər, bizə qarşı isə tam fərqli oynadılar. Biz bunun belə olacağını bilirdik. İkinci hissədə sürəti artırdıq, irəlidə daha aqressiv və intensiv oynamağa başladıq ki, bu da nəticəsini verdi. Sonda meydanda altı yerli futbolçu var idi – bunu da xüsusi vurğulamaq istəyirəm”, - deyə Çodarov söyləyib.
Qeyd edək ki, bu qələbə ilə “Şamaxı” turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb və növbəti turlar öncəsi özünəinamını artırıb.
