Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə ölkə birinciliyi keçirilib.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Yarışda respublikanın müxtəlif bölgələrindən 2009-2010 və 2011-2012-ci il təvəllüdlü atletlər dörd kateqoriya üzrə qüvvələrini sınayıblar.
Oğlanların yarışında 500 metr məsafədə Astara təmsilçisi Rəvan Gülverdizadə, 1000 metr məsafədə isə Gəncə idmançısı Rinad İbrahimov bütün rəqiblərini qabaqlayıb.
Qızların mübarizəsində 300 metr məsafəyə qaçışda Xızı təmsilçisi Aişə Vəlili, 500 metr məsafədə isə Astara idmançısı Gülnar Qeybiyeva ölkə birinciliyinin qalibi olublar.
