“Sumqayıt”ın prezidenti jurnalistlərlə qarşıdurmadan qalib ayrıldı

Xəbərlər
2 Dekabr 2025 09:56
77
“Sumqayıt”ın prezidenti jurnalistlərlə qarşıdurmadan qalib ayrıldı

“Sumqayıt” FK prezidentinin jurnalistlərə qarşı iddiası üzrə məhkəmə qərarı açıqlanıb.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” Futbol Klubu klub prezidenti Riad Rəfiyev ilə jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərov arasında gedən məhkəmə çəkişməsi barədə rəsmi bəyanat yayıb.

Klubdan bildirilib ki, uzun müddət Riad Rəfiyev haqqında qərəzli, əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayıldığı üçün prezident məhkəməyə müraciət edib və təkzib, üzr və təzminat tələbi ilə mülki iddia qaldırıb.

Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Anar Şabanoğlu (Sports.az) və İxtiyar Əsgərovun (Matc.az) yaydığı, həqiqətə uyğun olmayan məlumatların təkzib olunması Sports.az, Matc.az saytlarında və onların şəxsi "Facebook" hesablarında dərc edilməli, həmin məlumatlar bütün platformalardan silinməlidir. Bundan başqa, Sports.az MMC və Anar Şabanoğlu 1000 manat, İxtiyar Əsgərov isə 1000 manat olmaqla, ümumilikdə 2000 manat mənəvi zərər kompensasiyası ödəməlidirlər.

Klub onu da qeyd edib ki, Riad Rəfiyev bu məbləğin şəxsinə deyil, cavabdehlər tərəfindən YAŞAT Fonduna ianə edilməsini istəyir.

Bəyanatda, həmçinin, məhkəmə qərarının icrasının aidiyyəti qurumlar tərəfindən diqqətlə izləniləcəyinə, həmçinin Mətbuat Şurası və MEDİA tərəfindən nəzarətdə saxlanılacağına ümid ifadə edilib.

İdman.Biz