Türkiyənin “Fənərbağça” klubu “İnter”in 31 yaşlı yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək niyyətindədir.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Nerazzurri” türkiyəli futbolçunun transferi üçün 25–30 milyon avro tələb edir. İki həftə əvvəl “Qalatasaray” Çalhanoğlu üçün təxminən 10 milyon avro təklif etsə də, "İnter" qəbul etməmişdi.
Qeyd edək ki, ötən mövsüm Hakan Çalhanoğlu bütün turnirlərdə ümumilikdə 47 oyunda iştirak edərək 11 qol vurub və 8 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, Çalhanoğlunun transfer dəyəri 30 milyon avro təşkil edir.
İdman.biz