Bizim mühəndis - TƏQDİMAT

Təhlil
12 İyun 2024 17:18
301
Bizim mühəndis - TƏQDİMAT

Azərbaycan millisinin baş məşqçisi təyin olunan Fernandu Santuş zəngin futbol karyerasına malikdir.

İdman.biz xəbər verir ki, 70 yaşlı portuqaliyalı həm futbolçu, həm baş məşqçi kimi uzun illər bu idman növünə xidmət edib.

Yığmamızla AVRO-2028-in seçmə mərhələsinin sonuna kimi müqavilə imzalayan mütəxəssis daha çox məşqçi kimi tanınıb. Bu da futbolçu karyerasının uğur sarıdan kasad olması ilə bağlıdır.

"Benfika"nın yetirməsi
Lissabonda anadan olan Santuş "Benfika" akademiyasının yetirməsidir. Lakin paytaxt klubunda özünə yer tapmayan futbolçu karyerasını "Eştoril" və "Maritimo"da keçirib. O, 1973-87-ci illərdə bu komandalarda oynamaqla iki ən güclü liqa arasında var-gəl edib.

Elektrotexnikin çempionluğu
Santuş hələ futbolçu vaxtı təhsilə də önəm verib. O, elektrotexnika və telekommunikasiya mühəndisliyi üzrə ali təhsil də almağa vaxt tapıb. 1999-cu ildə "Porto" ardıcıl 5-ci dəfə çempion adını qazananda baş məşqçiyə "Engenheiro do Penta", yəni penta mühəndis ləqəbi verilib. Bu, Santuşun karyerasında ilk uğur olub.

Zirvəyə aparan yol
Futbolçu karyerasını başa vuran kimi elə "Eştoril"də köməkçi məşqçi kimi fəaliyyətə başlayan Santuş sonra komandanın "sükanı arxası"na keçib. "Eştrela"da da işlədikdən sonra 1998-ci ildən sonra ilk böyük komandası "Porto"ya baş məşqçi təyin olunan Santuş Portuqaliya nəhəngi ilə 5 titul qazanıb. 1998-2001-ci illərdə 1 çempionluq, 2 kubok və 2 Superkubokdan sonra onun legioner məşqçi karyerasına start verilib.

Klubdan milliyə
"Porto"dan sonra Yunanıstana üz tutan baş məşqçi fasilələrlə 13 il Elllada torpağında çalışıb. Bu müddətdə iki dəfə vətənə qayıdan, "Sportinq"lə "Benfika"da qısa müddət çalışan Santuş Yunanıstanda AEK, "Panatinaikos", yenidən AEK, ardınca PAOK-a rəhbərlik edib. Bu illərdəki yeganə nailiyyət Yunanıstan kuboku olub. Bu uzunmüddətli Yunanıstan karyerası milliyə təyinatla nəticələnib. 2010-cu ildə bu ölkənin millisində debüt edən baş məşqçi 4 il yunanlara rəhbərlik edib. Poliqlot mütəxəssisin portuqal, ingilis və yunan dillərini bilməsində uzun müddət Elladada çalışması da rol oynayıb.

Yığmalarda 13 il
Uğur həsrətində olan Portuqaliya millisi Yunanıstan yığmasının baş məşqçisini "oğurladıqdan" sonra istəyinə çatıb. Kriştiano Ronaldo və yoldaşları Avropa çempionu və Millətlər Liqasının qalibi olub. Təbii ki, Santuşla qazanılan uğurlarda superulduz futbolçu və ətrafında toplaşan simaların da payı əvəzsizdir. Sonra məhz Ronaldo ilə problemlər yaşayan mütəxəssis bu yığmanı Polşa millisinə dəyişib. Ümumilikdə isə Santuş üç millidə üst-üstə 13 il çalışıb.

"Qara zolaq"
Ronaldo ilə arasında narazılıqlar yaranan Santuş DÇ-2022-dəki uğursuzluqdan sonra "qara zolaq"dan çıxa bilməyib. Portuqaliyadan Polşaya yollanan mütəxəssis bu yığmada vur-tut 6 matç duruş gətirib. Vəzifəsində cəmi 8 ay qalan baş məşqçi 2024-cü ildə yenidən klubda çalışmağa başlayıb. 14 ildən sonra klubda işləyən Santuş "Beşiktaş"da uğursuzluğa düçar olub. Türkiyədə təxminən 3 ay çalışan portuqaliyalı 16 matçdan sonra yola salınıb. İki ay işsiz qalan baş məşqçi bu dəfə Azərbaycan millisinə gəlib.

Qeyd edək ki, Santuş iki dəfə (2016, 2019) İFFHS tərəfindən dünyada ilin ən yaxşı milli komanda məşqçisi seçilib.

İdman.biz

Məqalədə: