Futbol üzrə Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda nominal meydan sahibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasında keçirilən püşkatmanın nəticəsinə əsasən, “Qəbələ” nominal meydan sahibi olub.
Püşkatma mərasimində PFL-in, Premyer Liqanın 11-cisi “Qəbələ”nin və Birinci Liqanın son turunda ikinci yeri tutan “Mingəçevir”in nümayəndələri iştirak ediblər.
PFL-i Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Qəbələ”ni idman direktoru Səbuhi Səfiyarlı, “Mingəçevir”i isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov təmsil edib.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov pley-off oyununun qaydaları, ilkin təşkilati məsələlər və nəzərə alınacaq digər məqamlarla bağlı məlumat verib. Klub rəsmilərinin oyunla bağlı planları da dinlənilib.
Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu 28 mayda “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 18:30-da başlayacaq və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
Qarşılaşmada VAR sistemi tətbiq ediləcək.
