“Bolqarıstan qarşısında heç bir şəkildə geri addım atmadıq”.
İdman.Biz Report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Evren Alkaya bildirib.
Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Bolqarıstana 141:48 hesabı ilə məğlub olub.
Mütəxəssis 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin I turunda Bolqarıstan kollektivinə uduzduqları matçı dəyərləndirib:
“Bizim üçün çox çətin bir oyun keçdi. Bolqarıstan qarşısında heç bir şəkildə geri addım atmadıq. Uşaqlarımız çox gəncdir. Düzdür, səviyyə baxımından çox geri qaldıq. Bolqarıstan isə tam gücü ilə oynadı. Onsuz da yarışdakı məqsədimiz bu uşaqları mümkün olduğu qədər çox oynatmaq və növbəti matçlara hazırlaşmaqdır. Komandanı mümkün olan ən keyfiyyətli vəziyyətə gətirməyə çalışırıq”.
E.Alkaya komandanın formalaşdırılması üçün zamana ehtiyac olduğunu da vurğulayıb:
“Keçən il B divizionunda Danimarkanı, İslandiyani, Bosniya və Herseqovinanı məğlub etmişdik. Bu səviyyədəki rəqiblərlə oynayanda komanda yaxşı şeylər edə bilir. Uşaqlar üçün bir az səbr və zaman istəyirik. Həqiqətən qısa zamanda komandanı bu platformaya salmışıq və öyrənəcəkləri çox şey var. Komandada ən böyük basketbolçu 18 yaşındadır. 15 yaşlı uşaqlar da var. Bir neçə il ərzində ən azından daha gözəl basketbol oynayan bir komanda formalaşdıracağımızı düşünürəm”.
