“Bizim üçün vacib oyundur. Çox bacarıqlı bir komandaya qarşı matç gözləyir”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasından “Molde” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis hava şəraitinə münasibət bildirib. Qurbanov komandasına güvəndiyini və futbolçuların bu günə qədər göstərdikləri xarakterdən daha artığını etməli olduqlarını bildirib: “Rəqibin özünəməxsus oyun sistemi var və bunu çox yaxşı icra edirlər. Əlbəttə ki, hər iki komandaya yaxşı nəticə lazımdır. Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu. Həm bunu, həm də meydança amilini düşünməliyik. Buradan yaxşı oyun və nəticə ilə dönmək üçün futbolçularım bu günə qədər göstərdikləri xarakterdən daha artığını etməlidirlər. Onlara inanıram, güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Hər iki komanda üçün şərait eynidir. Amma sadəcə, rəqibin üstünlüyü ondadır ki, bu şəraitə, bu meydançaya daha çox alışıblar. Bizim belə hava şəraitində oynadığımız matçlarda futbolçularım xarakter nümayiş etdirmişdilər. Həmin görüşlər, onların nəticələri əlavə stimul ola bilər. Bunları mütləq futbolçularımıza bildiririk. Buna baxmayaraq, oyunçularımızın bu günə qədər olduğundan daha yaxşı, daha möhkəm olmasını istəyirəm. İlk dəfə deyil. İnanıram ki, futbolçular bunu bacarmaq üçün hər şeyi edəcəklər”.
Qurban Qurbanov “Molde” ilə səfər matçında heç-heçə uğurlu nəticə hesab edir. O, “Qarabağ”ın öz oyununu nümayiş etdirəcəyini qeyd edib: “Sabahkı oyunda heç-heçəni də uğurlu nəticə saymaq olar. Niyə də yox? Futbol elə bir oyundur ki, hətta bəzən minimalhesablı məğlubiyyət də sonda hər şeyin yerini dəyişə bilər. Bu barədə matçdan sonra düşünəcəyik. Hazırlığımız, motivasiyamız daha yaxşı nəticə əldə etməkdir. Qarşılaşmadan sonra ümumi nəticəni analiz edəcəyik. Bizə inandıqlarına görə azarkeşlərə təşəkkür edirəm. Ancaq biz bunu düşünərək meydançaya çıxmayacağıq. Hər bir şəraiti, oyunun gedişatını nəzərə alacağıq. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Bizə güvənirlər. Həmişəki kimi, sabah da daha yaxşı oyun, daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Bütün matçlarda əsas düşüncəmiz öz oyunumuzdan əl çəkməməkdir. Rəqibin nə qədər imkan verməsi bəzən buna mane olur. Uğurlu nəticə qazanmaq istəyiriksə, öz oyunumuzdan maksimum istifadə etməliyik. Sabah da bunu futbolçulardan tələb etməyə çalışacağıq. Ən vacibi tapşırığı düzgün yerinə yetirmək lazımdır. “Molde” təcrübəli, öz sistemindən əl çəkməyən komandadır. Sabah iki bacarıqlı, keyfiyyətli komanda meydanda yaxşı oyun göstərəcək”.
Qeyd edək ki, “Molde” – “Qarabağ” qarşılaşması sabah saat 00:00-da start götürəcək.
İdman.biz
